QADIN dediyin | “Kişilər mənə toxunulmaz qadın kimi baxırlar” - FOTOLAR, VİDEO

QADIN dediyin | “Kişilər mənə toxunulmaz qadın kimi baxırlar” - FOTOLAR, VİDEO
  13 İyun 2013    Oxunub:16289
AzVision.az yeni bir layihə təqdim edir: “QADIN dediyin…” Bu layihədə az və ya çox tanınmış xanımlar özlərini qadın kimi tanıdacaqlar. Azərbaycanda qadın olmağı onların öz dilindən eşidib biləcəyik.
Növbəti qonağımız bəstələri ilə tanıdığımız, ancaq hələ musiqilərinin də tam olaraq açmadığı, tanıtdırmadığı qadın Nailə Mirməmmədlidir. Deməli, musiqilərində gizlədə bilir özünü. Amma indi qarşımızda bəstəkar yox, sadəcə bir QADIN var...

-Yəqin ki, bir insanın, eləcə də bir qadının, sözün əsl mənasında, yaşaya bilməsi məhz uşaqlığını yaşaya bilməsindən başlayır. Siz necə, uşaqlığınızı yaşaya bilmisinizmi?

-Uşaqlığım yaddaşımda röyal arxasında oturmaqla, notlarla yadda qalıb. Çünki biz saatlarla fortepianonun arxasından tərpənmirdik. Biz onda biz olurduq. Bülbül adına musiqi məktəbində oxumuşam. Pəncərədən baxırdım ki, uşaqlar həyətdə oynayırlar. Elə istəyirdim ki, gedim onlarla oynayım. Ancaq oynamaq istəyimi anama da demirdim. Uşaqlıqdan məsuliyyətli olmuşam, demişəm ki, mən bu işi axıra çatdırmalıyam. Həddindən artıq arıq olmuşam, müəlliməm deyirdi ki, akordu bərk vurma, qolların sınar. Yəni mən sənət üçün göz açmışam dünyaya…

-Bir var uşaq olmaq, bir də var uşaq dünyaya gətirmək...

- Uşaq dünyaya gətirmək qadın üçün ikinci həyatdır, yeni bir səhifədir. Mən uşaqları çox sevənəm. Yoldaşım Hikmət də eləydi. Biz həmişə fikirləşirdik ki, çoxuşaqlı ailə olarıq. Qismət belə imiş, Allahın qisməti... Bir övladımız öldü. Allaha çoxlu dualar etmişəm, namaz qılmışam. Allahdan bir övlad da istədim ki, yenidən böyüdüm. Bir övladım da oldu, cizgiləri bir-birinə çox oxşayır. Uşaqlarımı çox sevirəm, amma məndə bir xüsusiyyət var, çox istədiyimdən onları əzizləyə bilmirəm. Mən əkizlər bürcündənəm. Deyirlər, əkizlər elə olur. İstəyimi ifadə də edə bilmirəm. Ancaq o qədər qoruyuram ki, onları. Çox qorxuram…

-Axı çöp də elə qorxan gözə düşür. Bəs bundan qorxmursunuz?

- Bu qorxu oğlumun ölümündən sonra mənə üstün gəlib. Əvvəllər də hər şey üçün həyəcanlanan insan idim. Ancaq oğlumdan sonra məktəbdən belə çıxardım övladlarımı, evdə oxuduram.

-Deyirsiniz ki, itirdiyim övladım əvəzinə Allahdan bir övlad istədim, Allah da verdi. Bəs onun yerini tuta bildimi?

-Əlbəttə yox. O, tamam başqa uşaq idi. Bürclərə çox vaxt inanmasam da, çox şey düzdü bürclərdə. O, şir bürcü idi, çox dəcəl idi çox. Röyanın oxuduğu “Yaman darıxmışam bu gecə” mahnısının ritmini o yığmışdı. Görürdüm ki, fortepianoya, musiqiyə çox meyllidi. Həm piano, həm də vokal məktəbini bitirmişdi, yaxşı səsi də var idi. Böyük oğlum Cavidan da skripkanı bitirib, amma musiqi təhsilini davam etdirmədi.

-Mühafizəkar valideynsiniz?

-Qızıma qarşı çox mühafizəkaram, həddindən artıq.

-Bəs ona ana olmaqla bərabər, rəfiqə olmağı da bacara bilirsiniz?

- Qızımla aramızda pərdə olub həmişə. Necə ki, mən öz bacımla çox şeyi bölüşə bilməmişəm, qızım da mənimlə o cürdür. Gəlinim qızımla aramızda körpü rolunu oynayır.

-Çox ağrı-acı yaşamısınız. Ağrılar qadını yüksəldir, alçaldır, müdrikləşdirir, cılızlaşdırır, nə edir?..

-İnsan fərdidir. Qadın var ki, məni görəndə deyir ki, sən necə tab gətirdin bütün bunlara? Mən oğlumu itirdim. Əgər Hikmət yanımda olmasaydı, bəlkə, mən də yıxılardım. Amma Hikmətdən sonra mən ağlaya bilmirdim. Hamı məni qınayırdı ki, sən niyə ağlamırsan? Onu hələ mən başa düşmürdüm, dərk eləmirdim... Başa düşəndə də övladlarıma görə dözə bildim bu ağrıya. Çünki oğlumun həmin il universitetə qəbul imtahanı vardı. Evdə yas ola-ola Cavidanı aparırdım hazırlığa. Bütün bunlar məni düşməyə qoymadı. Düşünürdüm ki, oğlum universitetə mütləq qəbul olmalıdı, bütün fikrimi ona cəmləmişdim. Yoxsa mən dəli olardım, əgər o daxil olmasaydı. Sonra da qızımın dərsləri…
Əsas da Allaha inancım məni dik saxladı. Sizə bir şey danışım… Bir dəfə mağazada bir təqvim gördüm. Fatimeyi-Zəhranın şəkli idi, qara çadrada. Qucağında iki övladı…Şəklin altında isə belə yazılmışdı: “Ana öz övladına südlə qidalandırdığı kimi, Allah da öz sevimli bəndəsini dərd-qəmlə qidalandırır”. İnanmazsınız, bu sözlər mənə nə qədər dayaq oldu. Gözümdən yaş axdı ani olaraq... Təsəvvür edin ki, əzizimi itirmişəm, ağalaya bilmirəm, amma həmin an dərk etdim ki, bu, bir sınaqdı, üsyan etmək olmaz qətiyyən.

Hikmətin ölümündən altı ay sonra anamı da itirdim. Və Məkkəyə getdim. Qayıdandan sonra çox dirçəldim. Bir də görürsən, düşünürəm ki, Hikmət belə bir situasiyada hansı addımı atardı, nə deyərdi, nə məsləhət görərdi? Çəkilirəm mətbəxə, onunla, öz-özümlə danışıram. Uşaqlar gəlir ki, mama yenə? Başa düşmürlər, hələ uşaqdılar. Hər şəraitə özümü uyğunlaşdırmağa çalışıram. Bu, əkizlər bürcündə də var. Çünki dərk eləsəm ki, o boyda oğlumu itirmişəm, Hikməti itirmişəm, mən doğrudan da dəli ola bilərəm. Elə qadın var ki, bunu dərk edir və çökür. Bəlkə də, qınaq obyekti olmaq istəmədiyinə görə… Elə qadın da var ki, dözə bilir, onun arzularını yaşatmaq üçün davam edir həyata. Mənim kimi… Hikmətin bütün arzularını gerçəkləşdirməyə çalışıram. Ailəmizdə necə qanun-qayda qoyubsa, ona əməl olunur. Yavaş-yavaş onun mahnılarını üzə çıxarıram. Mən bu yolu seçdim. Ola bilsin, bunu mənə Allah qismət elədi. Kənardan da mənə düzgün yolda olduğumu deyirlər və bu, mənə çox xoş gəlir.

-Saçlarınız da bir növ yaşadığınız faciələri ifadə edir. Bəs özünüzü bundan sonra başqa cür təsəvvür edə bilirsiniz?

-Saçıma rəng qoymağı özüm istəmirəm . Mən bu saçlarla mənəm. Birdən güzgüyə baxanda fikirləşirəm ki, görəsən saçlarım başqa rəngdə olsa…amma heç bir rəngdə təsəvvür edə bilmirəm. Şou-biznes aləmində olmasına baxmayaraq, doğrudan da ailəcanlı sənətçilərimiz var. Adi insanlar kimi özünü apara bilir, danışıq qabiliyyəti var. Elələri də var ki, baxırsan hörmətli adamdı, amma ailəsinə qarşı necə pis münasibəti var. Bir şey var ki, sənət adamlarında hər şey üzdədir.

- Bu sənətdə olmaq tək qadın üçün nə dərəcədə çətindir?

-Mənim bəxtim onda gətirdi ki, mənim seçdiyim həyat , ömür-gün yoldaşım bu sahədə idi. O, elə bir cığır acid mənə, mənim üçün də asan oldu. O hörməti ki, o yaratdı, o hörmət mənim bu gün də var olmağıma kömək olur. Kənardakılar həmişə mənə tək Nailə kimi deyil, Hikmətin həyat yoldaşı kimi baxırdılar. Elə indi də elədi. Necə deyim, kişilər məni görəndə toxunulmaz bir qadın kimi baxırlar. Ancaq gizlətmirəm, elə insanlar olub ki, mənim sənətdən getməyim üçün başıma nə oyunlar gətiriblər. Təki mən sənətdə olmayım, bu soyadı yaşamasın. Çox olub belə hadisələr… Hətta zəng vurub hədələyiblər ki, səni efirdə biabır edəcəyik, sənin haqqında əlimizdə məlumatlar var. Mən də sakitcə demişəm, varsa, ver…

Çox haqsızlıqlar olunur. Ancaq artıq bərkimişəm, əvvəlki adam deyiləm.

-Sizi nə sındıra bilər?

-Övlad nankorluğu. Şükür , yaxşıdı övladlarım. Amma birdən bu familiyaya zərər gətirsələr, buna dözə bilmərəm. Ürəyim partlayar…

-Bağışlamazsınız yəni?

-Çalışaram düz yola çəkim. Bacarmasam, ürəyim partlayar yəqin. Nəinki bağışlamaq…

-Kinlisiniz?

-Kinli deyiləm. Amma birdə görürsən, elementar şeyə görə bağışlaya bilmirəm, özüm də məəttəl qalıram. Ancaq bir də görürsən ki, adamın ürəyini qırırlar. Amma üzr istəsələr, bağışlayıram elələrini də. Bəzən də məni qıran insanları tamam yaddan çıxarıram, silirəm, o adamı artıq tanımıram. Yəni Allah özü o kəslərin əməlinə görə cəzasını verər.

-Deyir, Allah heç kimə çəkə bilməyəcəyi dərdi vermir. Sizcə, yükünüz çox ağır olmadı?

-Daşıya biləcəyim qədərdir. Kim ki, Allaha şükür edir, onu dönə-dönə sınağa çəkir. Əsas dünya üçün saxlayıram onun xoşbəxtliyini...Mən, bəlkə də, üsyan etsəydim, Allahım nə məni, nə də övladlarımı əsas dünyaya layiqli bilməzdi.Bunun üçün şükür etmək lazımdır.Yəni Allah mənə nə qədər dərd verirsə-versin, naşükür olmaq olmaz. Bircə yoldaşım basdırılan günü namazımda qəza etmişəm. Həmişə namazımı qılmışam, ona görə yox ki, Allahdan qorxuram. Mən Allah kimi varlığın nəzərindən düşməkdən çox çəkinirəm.Vay o gündən ki, Allahın nəzərindən kimsə düşsün. Mən hər nəfəsdə ancaq Ona layiq olmaq üçün yaşayıram, bu yaşam tərzinə artıq özüm də öyrəşmişəm, övladlarım da öyrəşib.Namaz qılanda möhürə başımı qoyanda, sanki Allahın ətəyinə başımı qoyuram. O qədər saf, təmiz olmalıyam ki, buna özümü layiq bilməliyəm. Əlbəttə, bilmədiyimiz günahlarımız var, təki Allah bu kiçik günahlarımızı bağışlasın…

-Elə an olub ki, Allah da sizə kömək edə bilməyib?

-Məndən soruşublar ki, nə vaxtsa özünü öldürmək istəmisən? Xeyr, çünki mən özümü tərbiyələndirməyə çalışıram ki, yolumu azmayım, üsyan qaldırmayım, Allaha “niyə mən?” sualını verməyim. Mən demirəm ki, oğlumu mənim əlimdən alıb, bu, mənim üçün mükafatdı. Allah heç kimin əzizini, övladını vaxtsız almasın. Bəlkə də, Allah bu sınağı mənə göstərərək, dərk elətdirib ki, övladlarımın qədrini bilim. O ki, qaldı mənim itən yarıma, Hikmətə…hər şeyi nə iləsə əlaqələndirirəm həmişə. Hər şey nəyə görəsə baş verir.

Hikmətin ölümündən sonra uşaqları da götürüb rayona getdim. Yoldan bir yaşlı kişi keçirdi, mənə görüb dedi ki, ölmədi də bu… Heç nə demədim. Ancaq ağlımdan keçdi ki, görən mənə bir şey olsaydı, bu kişi gəlib kömək eləyərdi övladlarıma?

Hələ bir dəfə də biri yaxınlaşıb mənə dedi ki, bilsəm ki, öləndən sonra həyat yoldaşım mənim hörmətimi belə saxlayacaq, elə bu gün ölərəm. Mən 25 il xoşbəxtliyimi görmüşəm.

-Hikmət müəllimi daha çox necə xatırlayırsınız? Hansı simada, hansı formada?..

-Hər dəfə uşaqlar evə gəlib açarla qapını açmaq istəyirlər, elə bilirəm o gəlib. Bu, məndən asılı olan bir şey deyil. Belə öyrəşmişəm. Amma onun zarafatları, məsəlləri bütün musiqiçilərin arasında işlənir. Kənardan qaraqabaq görünə bilərdi, elə mənim kimi. Amma onunla söhbət edən kimi zarafatcıl olduğu üzə çıxırdı. Heç kimin arxasınca danışmırdı, mənə də imkan vermirdi. Deyirdi, özü bilər, Allahı bilər. O, həmişə mənim gözümün qabağındadı…

-Sizə imanınız, yoxsa övladlarınız daha çox güc verir?

-Əlbəttə, imanım. Mən Məkkəyə gedib gələndən sonra heç nəyin gözümdə dəyəri yoxdur. Əsas odur ki, mən Allaha layiq olum ki, o məni əsas dünyada özünə yaxın bir yerdə saxlasın. Onun üçün də çalışıram.

-Bəstəkar olmasaydınız, həyatınızda nə isə dəyişərdi?

-Mən həyata bir neçə dəfə də gəlsəydim, mühazirələrdən doymazdım. Muğamdan dəsr deyirəmsə, muğamın yaranmasından tutmuş bugününə qədər tələbələrimə öyrətməyə çalışıram. İşimi çox sevirəm və yenidən həyata gəlsəydim də, müəllimlik sənətini seçərdim. Mən öyrənməyi, öyrətməyi sevirəm. Hərdən şəkillər də çəkirəm. Bu sənət elədir ki, gərək ya ondan biri olasan, ya da ümumiyyətlə olmayasan. On birinci olmağın yeri yoxdur.

Əsl sənəti duyan az adam var, kiminsə istəyinə, zövqünə uyğun yazmırsansa, deyirlər yaxşı yazmır. Ancaq bu dəqiqə elə bir vəziyyətdəyik ki, şikayətə də dəyməz. Keçid dövründəyik, hələ də keçid dövrü qurtarmaq bilmir ki, adam bilsin ki, sən burda nəyə lazımsan? Hərdən olur, ağlıma gəlir ki, mən də çıxım gedim bu ölkədən. Lazım deyiləm heç kimə. Ancaq hərdən də fikirləşirəm ki, mən gedim, o birisi getsin, sən get, bəs necə olacaq?..
Əməkdar incəsənət xadimi kimi 30 manat yox, elə bir maaş alım ki, ürəyim istəyən müğənniyə mahnını verim, istəməyənə vermiyim. Axı mənim də soyuducum var, əyninə geyim lazım olan uşaqlarım var.



Sevinc Fədai
Leyla Əliyeva
Fotolar : Elnur Muxtar



Qalereya




Teqlər:  





Xəbər lenti